Çinin müdafiə şirkəti Ermənistana nə verə bilər?| Rusiya tərəfindən sillə, yoxsa... (HƏRBİ ESKPERT)

2019/01/pashi-1548152801.jpg
Oxunub: 27832     14:18     22 Yanvar 2019    
"Beijing Defense Co" anti-terror və daxili təhlükəsizlik avadanlıqlarının istehsalı ilə məşğul olan çoxsaylı Çin şirkətlərindən biridir. 2004-cü ildə Mainland şəhərində qurulan şirkət ucuz qiymət spektrində təklif etdiyi bəzi məhsulları ilə yerli bazarda az-çox tanınır. Beynəlxalq əlaqələrinin qurulmasına isə yeni başlayır. Şirkətin 50 nəfədən ibarət əməkdaşı olduğu iddiaları da bəzən şübhə doğurur. Çünki, davamlı sifarişlərin olmaması, daimi olaraq 50 nəfərin ştatda saxlanılması, onsuz da maliyyə problemləri olan şirkətin təvazökar büdcəsinə təzyiqlər yaradır.

"Ən aşağı qiymətə yüksək keyfiyyət" şüarı ilə bazara girməyə çalışan şirkətin vədləri adətən digər alternativləri olmayan, kiçik büdcəyə malik ölkələri nisbətən çəlb edə bilir. Uzun müddət dünya silah bazarının iştirakçılarının həm istehsal etdikləri hərbi təyinatlı məhsulları, həm də onların beynəlxalq tədarükünə aid məlumatları izləyən bir şəxs kimi "Beijing Defense Co" adlı şirkətin adına indiyə qədər heç bir mənbədə rast gəlməmişdim. İnternet resurslarında əldə edilən məlumatlar kifayət qədər məhdud olmaqla yanaşı bəsit və təkrar olunandır. Şirkətin ciddi beynəlxalq əlaqələrinə dair etibarlı informasiya isə mövcud deyil.

"Beijing Defense Co" istehsal etdiyi hərbi təyinatlı məhsullar arasında partlayıcı zərərsizləşdirmə avadanlığı, partlayıcı (mina) aşkarlama sistemləri, dəbilqələr, xüsusi zirehli və soyutma dəstləri yer almaqdadır.

Şirkətin əsas hərbi fəaliyyət sahələri bunlardır:

- Partlayıcıların zərərsizləşdirilməsi üçün avadanlıqlar;
- Partlayıcıların axtarışı və müəyyən edilməsi sistemləri;
- Kustar üsulla hazırlanan partlayıcıların zərərsizləşdirilməsi üçün məhsullar.



Şirkət istehsal etdiyi məhsulların müdafiə sənayesi və təhlükəsizlik standartları ilə hazırlandığını və istehsal edildiyini iddia etsə də, saytında 25.06.2013-cü ildə müddəti bitən cəmi bir sertifikatını nümayiş etdirir.

Açıq mənbələrdə olan məlumatlara görə, son dəfə 25.06.2010 tarixində cəmi bir dəfə CNAS/IAF tərəfindən "Quality Management System Certificate" adlı uyğunluq sertifikatına layiq görülüb, lakin onun müddəti də öncə qeyd etdiyim kimi, 25.06.2013 tarixində başa çatıb. Fəaliyyətinin pik dövründə yalnız 5 mühəndisin əməyindən istifadə edilib.

2009-cu ildən "Alibaba.com" qlobal internet ticarət şəbəkəsi tərəfindən məhsulları satılan şirkət, indiyə qədər bir dəfə də olsun məhsullarının keyfiyyətinə dair müsbət rəy və qiymət almayıb.

Şirkətin istehsal etdiyi məhsullar arasında zirehli geyim dəstinə, dəbilqələrə, bomba daşıma qablarına, metal, kabel və narkotik dedektoruna, partlayıcı axtaran qurğuya, daşınan xortumlu endoskopa, daşınan fiberskopa, qapı endoskopuna, BD-GS2 ümumi xidmət dəstinə, qeyri-maqnit alət dəstinə rast gəlmək mümkündür.

Son günlərdə Ordu.az saytında gedən məlumatdan bəlli oldu ki, "Beijing Defense Co" şirkətinin nümayəndələri Ermənistan-Çin hərbi-texniki əməkdaşlığının müzakirə olunması məqsədilə 14-18 yanvar tarixləri arasında İrəvanda olublar.

Şirkətin internet səhifəsinə daxil olduqda onun aşağıdakı qurumların tələbatını ödəmək üçün məhsullar istehsal etdiyi barədə məlumat verilir:

- hava limanlarında;
- polis strukturlarında;
- yangınsöndürmədə;
- dəmiryol stansiyalarında;
- metrolarda;
- limanlarda;
- sərhəd məntəqələrində;
- gömrük məntəqələrində;
- ədliyyə orqanlarında;
- poçt şöbələrində;
- böyük konfrans tədbirlərində.


Az-çox istehsal sahəsi ilə məşğul olan şəxslər belə təsdiq edə bilər ki, 11 müxtəlif struktur üçün məhsul istehsal etmək üçün bir şirkətdə, seriya istehsal potensalından asılı olaraq minimum 60 mühəndis çalışmalıdır. Texniki əsaslandırma bürosu, elmi-araşdırma bürosu, layihələndirmə bürosu, sınaq şöbəsi, istehsalata və keyfiyyətə nəzarət şöbəsi, istehsal prosesinin uyğunlaşdırılması şöbəsi, istehsal şöbəsi, marketinq, menecment, rəhbərlik və s. Heç olmasa bir şəxs 5 nəfər mühəndisi 11 müxtəlif struktur üçün məhsul istehsal edən şirkətin bu büro və şöbələri arasında necə bölünməsini mənə başa salsın.

Siyahıda 11 qurumun arasında hərbi təyinatlı qurumların adı çəkilməsə də şirkətin istehsal etdiyi məhsullar arasında ikili təyinatlı, məsələn hərbi və mülki, yaxud da hərbi və fövqəladə hallarda istifadə edilə bilən məhsullara rast gəlmək mümkündür. Bu şirkətin məhdud sayda məhsul assortimentinin demək olar ki, hamısı "Alibaba.com" qlobal internet ticarət portalı vasitəsilə açıq satışdadır. İstənilən şəxs heç bir məhdudiyyət olmadan "Beijing Defense Co" şirkətinin məhsullarını evdən də sifariş verə bilər.

Şirkətin əməkdaşları İrəvana baş tutan səfər zamanı Ermənistan müdafiə siyasəti və mühəndis qoşunları idarələrinin rəisləri, hərbi sənaye komitəsinin rəhbəri ilə, sonda isə Müdafiə nazirinin müavini Qəmbəryanla görüşüblər.

Görüş zamanı "Beijing Defense" şirkəti tərəfindən sülhməramlı bölmələr üçün müvafiq mühəndis vasitələri ilə təchizatın, kustar partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün avadanlıqlarla təminatın mümkünlüyü barədə müzakirələr aparılıb.

Qeyd edək ki, əgər Sarkisyan hakimiyyəti dövründə Ermənistan hökuməti Rusiyadan silah və texnika alınması üçün müəyyən mənada yumşaq şərtlərlə kreditlər əldə edə bilirdisə, hazırda belə proseslərdə Moskva tərəfindən gözləmə mövqeyinin nümayiş etdirilməsi müşahidə edilir.

Təbii ki, bir tərəfdən Rusiyanın kredit ayrılmasında gözləmə mövqeyi, digər tərəfdən Ermənistanın məhdud maliyyə imkanları İrəvanın daha ciddi müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığını istisna edir. Bu səbəbdən də rəsmi İrəvan "Beijing Defense" kimi çox da tanınmayan, ucuz mallarının tam assortimentini "Alibaba.com" qlobal internet ticarət portalı vasitəsilə açıq satışa çıxaran şirkətlərlə əməkdaşlığa üstünlük verməyə məcburdur. Ermənistanın Çinin "Beijing Defense Co" şirkətindən əldə edə biləcəyi ehtimal edilən hərbi təyinatlı məhsulların siyahısı çox da geniş deyil. Onlardan bəziləri ilə yaxından tanış olaq.


Partlayıcı zərərsizləşdirmə avadanlıqları

Bütün partlayıcı zərərsizləşdirmə avadanlıqları mühəndis istehkam bölmələrinin şəxsi heyəti üçün dizayn edilib. Bu məhsullara partlayıcı zərərsizləşdirmə geyimi, soyuducu geyim, partlayıcı axtarışı geyimi və aksessuarları, partlayıcı örtüyü, teleskopik manipulyator, partlayıcı qabı, aşağı səsli qazma vasitələri, əllə tutulan metal dedektor, mobil telefonların çalışmasını əngəlləyən sistem, qeyri-maqnetik vasitələr və hər növ alət dəsti daxildir.

Partlayıcı dedektorları

Şirkətin məhsullarından biri də daşınabilən, yüngül, sürətli, dəqiq və İon Mobil Spektrometr (IMS) texnologiyası sayəsində partlayıcıların izlənməsində olduqca həssas olan partlayıcı dedektorudur. Şirkət tərəfindən onun əməliyyat həssaslığı, sürətli işə başlaması, yüksək hündürlük üçün uyğunluğu, sadə əməliyyat həyata keçirməsi prinsipi, aşağı qiymətli komponentləri və asan təmir kimi bir çox qabaqcıl xüsusiyyətlərə malik olması iddia edilsə də, onun məhsullarının bir çoxu hələ də beynəlxalq bazarda ilk müştərisini gözləyir. Bu texnologiyadan ordunun mühəndis bölmələri ilə bərabər hava limanlarında, gömrükdə, polisdə, qaçaqmalçılıqla mübarizədə, yanğından mühafizədə istifadə edilə biləcəyi bildirilir.

Texniki xüsusiyyətləri:

- Yüksək həssaslıq sayəsində nanoqram-pikoqram səviyyəli partlayıcıların müəyyən edilməsi;
- 8 saniyədə çevik cavab və analiz nəticələrinin verilməsi;
- Sürətli başlama funksiyası ilə 3 səviyyəli həssaslıq;
- Effektiv nümunə toplama bölməsi;
- Ətraf mühitə adaptasiya (yüksək hündürlüklərdə istifadə edilir);
- Yüngül və daşınabilən (ümumilikdə 3,5 kq-dır);
- "3.5 düyüm LSD" rəngli ekran, zəngin interfeys və asan istifadə;
- Açıq data bazalar və uzaqdan onlayn xidmət.

Texniki imkanları:

- İon Mobil Spektrometr texnologiyası istifadə edilib;
- Geniş çeşiddə partlayıcıların müəyyən edilməsi üçün nəzərdə tutulub (TNT, RDX, "Tetryl", DNT, NG, PETN, C4, "Semtex", AN, "Black Powder" və s.);
- Həssaslıq (nanoqram-piktoqram səviyyəsində);
- 2-8 saniyə ərzində analiz müddəti;
- Normal başlanma 20 dəq, sürətli başlanma 5 dəq;
- Nümunə və hissəciklərin heç bir kontakt olmadan əldə edilməsi;
- Nümunə toplanma məsafəsi 20 sm;
- Güc: 110/220VAC, 50/60Hz;
- Batereya: 22.2VDC, 4 saatdan çox işləyən litium ion tiplidir;
- Səsli və görüntülü siqnal (maddələrin təyin edilməsi və LCD ekranda göstərilməsi);
- Verilənlərin (datanın) rəngli LSD ekranda təsviri;
- Daxili avtomatik kalibrləmə;
- Ölçüləri 410×140×140 (mm) (16.2"×5.2"×5.2");
- Batereya ilə birlikdə 3.5 kq-dan az çəki;
- İşçi temperaturu: -10°C-dən 60°C-ə qədər;
- Aktiv nisbi rütubət: 93%-dən aşağı;
- İnterfeys: USB, RS232;
- Data yaddaşı: 100000 qeyd (2G SD kartı).

Soyutma dəsti

Soyutma dəsti yüksək temperatur şəraitində konsentrasiyanın qorunması vacib olan şəxsi heyət üçün təhlükəsiz və sərin bir mühit təklif edir. Şirkət sistemin partlayıcı məhv edən və ya müşahidə aparan heyət üçün ideal olduğunu bildirir. Soyuducu dəst istilik yaradan sursatların alovuna qarşı qorunmanı da təklif edir. Soyuducu dəst bədən, qol və ayaqları əhatə edən hissələrdən ibarətdir, onun tərkibində əlavə olaraq başı da sərinlədən soyutma nasosu, ikibuzlu su qabı, batareya paketi və daşıma çantası mövcuddur. Soyuducu kostyumlar yanğına dayanıqlı "Nomex" və ya "Kermel" materiallarından hazırlanır.

Soyutma dəstinin xüsusiyyətləri:

- Sərt çantada daşınır, qayışa və mina axtaran heyətin qorunma dəstinə bərkidilir;
- Buzlu su qabının tutumu - 2 litr;
- Batareya: təkrar yüklənə bilən NiCad;
- Ölçüləri: 40x30x32cm;
- Qablaşdırmada kütləsi: 3.5 kq.


Uyğunluq:

- Hər hansı üst geyimin altında, dərinin üstündə yerləşdirilərək daşına bilər;
- Soyutma dəsti kəmər vasitəsi ilə partlayıcıların zərərsizləşdirmə dəstlərinə əlavə edə bilər;
- İkinci buzlu su qabının sayəsində dəst daim istifadəyə hazırdır.

Zirehli dəbilqə partlayıcıları zərəsizləşdirən heyət tərəfindən istifadə edilir. Kütləsi 4.5 kq-dır. Qablaşdırma tələblərə uyğun olaraq hazırlanır.

Zirehli dəbilqələr


Zirehli dəbilqələr xüsusi elastometrik qəliblərdə hazırlanır və daxili temperaturu nizamlamağa xidmət edən daxili havalandırma sisteminə malikdir. Nəzarət elementinin daxilində operatorun qulaqlarını yüksək səs səviyyəsindən qoruyan səs azaldan mühafizə sistemi yerləşdirilib. Dəbilqənin dəstinə qulaqlıq və mikrofon ilə birləşdirilən audio rabitə vasitəsi də daxildir. Havalandırma sürəti və audiosəs səviyyəsinə nəzarət mümkündür. Dəbilqələr BD2009 və BD2010 partlayıcı zərəsizləşdirmə dəstləri ilə birlikdə işləmək üçün nəzərdə tutulub.

Dəbilqənin xarici hissəsində də davamlı GRP tipli plastikdən, daxili aramid laminatından, ballistik qorunmanın təminatında isə akril polikarbonatdan istifadə edilib.

Teleskopik Ərazi Təftiş Kamera Sistemi

Teleskopik Ərazi Təftiş Kamera Sistemi daxili infraqırmızı işıqlandırma qurğusuna malik, təmamilə portativ və modula quraşdırılan teleskopik nəzarət sistemidir. Avtomobilin üzərində quraşdırıla bilən təftiş kamerası çox istiqamətlidir və dönmə imkanına malikdir.

Karbon lifi və fiber karbon kimi yüngül və möhkəm materialdan hazırlanan kameranın uzunluğu 600 mm-dən 2700 mm-ə qədər dəyişir.

Xüsusiyyətləri:

- 60 mm diametrli rəngli IR işıqlandırmasına malik kamera başlığı;
- 6.8 düyüm diametrli rəngli LCD monitor;
- 4-5 saatdan çox istifadə edilən 2.4 A*saat tutumlu təkrar yüklənən litium ion batareyaları;
- 12V yükləmə cihazı;
- Suya davamlı korpus;
- Kütləsi 10 kq;
- Ölçüləri 55x43x20 sm.

Partlayıcı axtarışı və müəyyən etmə sistemi

Partlayıcı axtarış və müəyyən etmə sistemləri polis və təhlükəsizlik işçilərinə istənilən partlayış təhlükəsinin qarşısını çevik şəkildə almağa imkan verir. Bu məhsullar, adətən, axtarış komandalarına problemli görünən məsələləri müşahidə etməyə və yoxlamağa kömək edir. Partlayıcı müəyyən etmə məhsullarına maşınaltı axtarış aynası, teleskopik axtarış aynası, maşın video axtarış və taktiki video axtarış sistemləri daxildir.


Göründüyü kimi, Ermənistan Çin şirkətindən əldə edəcəyi ehtimal olunan məhsullara yalnız daha ucuz seqmentə daxil olmaları səbəbindən üstünlük verib. Son 25 ildə davamlı olaraq Rusiyadan göstərilən maliyyə, silah və texnika yardımı ilə ordusunu silahlandıran Ermənistan hakimiyyətinin ciddi bir silah sistemini digər ölkədən əldə etməsi hələlik real görünmür. Həm də Rusiyadan əvvəlki illərdə əldə edilən kreditlərin qaytarılmaması şəraitində İrəvanın Moskvanın son illərdə bütün silah satışı sferalarında əsl rəqibinə çevrilən Pekini silah bazarına daxil etmək cəhdi Kremlin qəzəbinə də səbəb ola bilər. Bu sövdələşmənin baş tutacağı təqdirdə, İrəvanın silah alınması üçün yeni sponsor və ya kreditor tapdığına şübhə qalmayacaq. Bu isə onsuz da son zamanlarda müsbət dinamikaya malik olmayan həm Ermənistan-Rusiya, həm də Ermənistan-KTMT münasibətlərini bir qədər də soyudacaq. Çünki eyni vəzifələri heç də Çin analoqundan pis yerinə yetirməyən mühəndis avadanlıqlarının istehsalını həm Rusiya, həm də Belarus şirkətləri yerinə yetirir. Rusiya tərəfi yəqin ki, Ermənistan tərəfi ilə ilk görüşündə sıxıntı yaradan bu hərəkətlərə görə açıqlama almağa çalışacaq. Məsələn, İrəvan mühəndis kəşfiyyat vasitələrindən hesab edilən, partlayıcı qurğuların idarəetmə kabellərini aşkarlamağa imkan verən NR-12S portativ naqil aşkaretmə qurğusunun, NR-900EK3M "Korşun" partlayıcı axtaran vasitəsinin, NR-900S kustar üsulla hazırlanan partlayıcı qurğuları aşkar edən cihazın, NR-MD portativ induksiyalı metal detektorunun Çin məhsullarından nə ilə geri qalmasını əsaslandırmalı olacaq.


Belarus şirkətlərinin də istehsal etdiyi mühəndis təminat vasitələri arasında ciddi reytinqə malik zirehli dəstlər, dəbilqələr, minaaxtaranlar silah bazarlarının iştirakçılarına yaxşı məlumdur. Ermənistan hakimiyyətini əvvəllər də etnos kimi qəbul etməyən Lukaşenkonun bu mərkəzdənqaçma vəziyyətinə reaksiyasının Rusiyadan daha sərt olacağı gözlənilir.

Rusiya 102-ci bazanın mövcudluğuna xələl gətirməmək üçün aşkarda Ermənistan hakimiyyətini ciddi tənqid etmir, Lukaşenko isə belə bir dərdi olmadığına görə çox da özünə əziyyət vermədən demək istədiyini dərhal və birbaşa dilə gətirir. Daim KTMT-də silah və texnika üçün dil tökən İrəvanın Çinə tərəf addım atmaqla, özünü daha baha satmağa çalışması diqqətdən yayınmır və bu addımların daha dərin və ciddi bataqlığa tuş gələcəyi istisna edilmir. Rusiyaya "Sizin müttəfiqinizə təklif etdiyiniz daxili qiymətlərdən də aşağı qiymətlər mövcuddur" mesajını verməyə çalışan Ermənistanın, həm Moskvaya keçən ildən qaytarılmasına başlanılmalı olan kreditlərin aqibəti ilə bağlı məsələyə, həm də qazın qiymətindəki endirimlə əlaqədar müraciətinə birmənalı rədd cavabı alması da mümkündür. Hadisələri tələsmədən izləmək, bizə qısa zamanda bu versiyalardan ən azı birinə şahidlik etmək imkanı yaradacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BeijingDefense   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin